“Qalatasaray”ın son şansı, PSJ “Liverpul”a qarşı

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulacaq.

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə də 8 qarşılaşma keçiriləcək.

A qrupunda “Atletiko” “Monako”nu, “Borussiya”sı isə “Brügge”ni qəbul edəcək. 9 xalla ilk sırada yer alan Madrid və Dortmund təmsilçiləri 1 xal qazanacaqları halda belə, növbəti mərhələyə adlayacaqlar.

B qrupunda lider “Barselona” Hollandiyada PSV-nin qonağı olacaq. “Tottenhem” isə doğma azarkeşləri önündə “İnter”i sınağa çəkəcək.

Bizi C qrupunda da maraqlı mübarizə gözləyir. Burada “Napoli” “Srvena Zvezda”nı, PSJ isə “Liverpul”u qəbul edəcək. Qrupda hər bir komandanın pley-offa çıxmaq şansı var.

Gecənin ən maraqla gözlənilən oyunu isə D qrupunda olacaq. Türkiyənin Çempionlar Liqasındakı yeganə təmsilçisi “Qalatasaray” Moskvada “Lokomotiv”lə qarşılaşacaq. İstanbul klubu növbəti mərhələ şanslarını davam etdirmək üçün səfərdə mütləq qələbə qazanmalıdır. Qrupun digər oyununda isə “Portu” və “Şalke” klubları üz-üzə gələcəklər.

Qeyd edək ki, turun digər 8 oyunu dünən keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir