Rusiya sərhədlərini pozan ukraynalı dənizçi həbs edildi

2014-cü ildə Rusiya tərəfindən ilhaq olunan Krımın Simferopol məhkəməsi Qara dənizlə Azov dənizini birləşdirən Kerç boğazında Rusiya sərhədlərini pozmaqda ittiham edilən 24 ukraynalı dənizçidən birinin 2 ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb.

Azvision.az “TASS”a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə sərhəddi pozan ilk ukraynalı dənizçi, Odessa vilayətinin 1992-ci il təvəllüdlü sakini Vladimir Varimez 2019-cu ilin 25 yanvarınadək həbsdə qalacaq.

Ona qarşı bir qrup şəxs tərəfindən əvvəlcədən razılıq əsasında sərhəddin qanunsuz, yaxud güc tətbiqi və güclə hədələmə ilə keçilməsi maddələri üzrə ittiham irəli sürülüb. Lakin məhkəmə iclasında Varimez ittihamları rədd edib.

Krım məhkəməsinin saxlanılan 24 ukraynalıdan 12-si barəsində qətimkan tədbiri seçəcəyi gözlənilir. Hazırda onların hamısı hüquq-mühafizə orqanlarının nəzarəti altındadırlar.

Xatırladaq ki, 25 noyabrda Ukraynaya məxsus “Berdyansk” və “Nikopol” kiçik zirehli artilleriya katerləri, həmçinin “Yanı Kapu” yedək gəmisi tapşırığı yerinə yetirib geri qayıdarkən Rusiyanın Qara Dəniz Donanması tərəfindən ələ keçirilib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, Rusiyanın Qara dənizdəki ərazi sularına girən gəmilər Rusiya sərhəd xidmətinin xəbərdarlıqlarına baxmayaraq, təhlükəli manevrlər etdiyindən onlara qarşı silahlı güc tətbiq edilərək dayandırılıblar. Əməliyyat zamanı 3 Ukrayna hərbçisinin yaralandığı və sonradan onlara tibbi yardım göstərildiyi bildirilib. İnsidentlə əlaqədar Rusiya sərhədlərinin pozulması üzrə cinayət işi açılıb.

Ukrayna tərəfi isə Rusiyanın yaydığı məlumatın düzgün olmadığını və yaralı hərbçilərin 6 nəfər olduğunu bildirib. Hətta hərbçilərdən birinin öldüyü barədə iddialar səslənir. Rəsmi Kiyevə görə, Rusiyanın Ukrayna Hərbi Dəniz Qüvvələrlərinin gəmilərinə hücumu hərbi təcavüz aktıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir