Şəhər İcra Hakimiyyətinin başçisi İlham İsmayilov….

Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2019-cu ilin ilk günlərindən başlayaraq məhəllələrdə sakinlərlə səyyar görüşlərə start verib. İlk belə görüş Üzeyir Hacıbəyov küçəsindəki 78, 80, Müslüm Maqomayev küçəsindəki 79, 81 və Rəsul Rza küçəsindəki 23 nömrəli binalarının kəsişdikləri 5 nömrəli Mənzil İstismar Sahəsinin xidməti ərazisində yerləşən məhəllədə baş tutdu. Əvvəlcədən qeyd edək ki, məhəllə öz səliqə-sahmanı ilə diqqət çəkirdi. Ərazidə uşaq və gənclərin, yaşlı nəslin nümayəndələrinin istirahəti və əylənməsi üçün müvafiq şərait mövcuddur. Burada futbol meydançası, idman qurğuları yaradılıb, oturacaq üçün stullar qoyulub, ətrafa yaşıl ağac tingləri əkilib. Sakinlərə nümunəvi xidmət məqsədilə səki kənarında məişət tullantılarını yığmaqdan ötrü zibil qabları qoyulub, binaların dam örtükləri, fasadları səliqəyə salınıb. Görüşə maraq böyük olduğundan məhəllə sakinləri ilə yanaşı idarə, müəssisə və təşkilat rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri də burada idilər.
    Görüşü giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ilk öncə sakinləri salamladı, onlara yeni il təbriklərini çatdırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan əməli işlərdən, həyata keçirilən uğurlu layihələrdən söz açdı. Azərbaycanın günü-gündən inkişafını əks etdirən faktları dilə gətirdi. Bu baxımdan Mingəçevirdə davam edən abadlıq-quruculuq işlərini təqdir edərək diqqətə çatdırdı ki, hazırda şəhərin sağ və sol sahillərində yenidənqurma işləri uğurla davam edir. Binaların dam örtükləri əsaslı təmirdən çıxarılır, sakinlərin arzusu nəzərə alınaraq nümunəvi məhəllələr yaranır, yeni parkların salınması və movcud parkların səliqəyə salınması üçün müvafiq işlər həyata keçirilir. Artıq beş məhəllədə nümunəvi şərait yaradılır. İlin sonunadək bu qəbildən olan tədbirlərin sayı artırılacaq.
      İcra Hakimiyyətinin başçısı məhəllə sakinlərinə müraciət edərək mövcud şəraitdən səmərəli istifadə etməyi, yaşıllıqları və ətrafdakı qurğuları qoruyub saxlamağı, artırmağı tövsiyyə etdi.
     Məhəllə Sakinlərindən Mürsəl Mürsəlov, Fərman Nəbiyev, Mirzə Mirzəyev, Ərşad Cəfərov, Əlyar Qədimov və başqaları çıxış edərək İ.İsmayılovu şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alması münasibətilə təbrik etdilər, gələcək işlərində uğurlar dilədilər. Eyni zamanda rastlaşdıqları çətinlikləri dilə gətirdilər. Qaldırılan problemlər arasında əsas diqqət istilik sisteminin və binaların giriş qapılarının olmamasına, ağacların suvarılması üçün su xəttinin ayrılmasına, fiziki cəhətdən ömrünü başa vurmuş ağacların kəsilməsinə, yaxud budanmasına yönəldildi. Sakinlər şəhər rəhbərliyinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək əminliklə vurğuladılar ki, şəhərimizin inkişafı naminə həyata keçirilən tədbirlərdə fəallıqla iştirak etməyə hazırdırlar.
     Qaldırılan bir sıra məsələlərə aydınlıq gətirməklə onların həlli məqsədi ilə İcra Hakimiyyətinin başçısı müvafiq idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və məsələlərin tezliklə həll olunmasını tapşırdı. Sakinləri əmin etdi ki, Mingəçevirin inkişafı naminə ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələr bundan sonra da uğurla yerinə yetiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir